Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
XOCALININ ƏSİRLİKDƏ QALAN ABİDƏLƏRİ

0




  •       Xocalı Soyqırımından artıq 28 il keçir. 28 ildir ki, Vətən həsrəti, torpaq sevgisi, əzizlərimizin, doğmalarımızın uyuduğu məzarlıqlar, bizi göyüm-göyüm göynədir. Həmişə sual olunub: Vətən haradan başlayır? Hər bir şəxs birmənalı cavab verib ki, Vətən doğulduğun torpaqdan başlayır. Bəli, bu gün müvəqqəti olaraq torpaqlarımızın işğal altında olması, bizə inamla deməyə əsas verir ki, Vətən, doğrudan da, doğulduğun torpaqdan başlayır! Bu gün tək işğal altında qalan torpaqlarımız deyil, eləcə də tarixi abdidələrimiz, əsrarəngiz meşələrimiz, dağlarımız, çaylarımız, flora-faunamız da işğal altında qalmışdır. Yaşadığımız dövrdə Xocalıda gözümüzün önündə olan mədəniyyət abidələri qədimliyi ilə onu göstərirdi ki, Xocalı-Gədəbəy mədəniyyəti eynidir və bunların adı tarixdə həmişə birgə çəkilib. Xocalı ərazisində tarixin ən böyük abidələrindən biri   “Əsgəran Qalası “ idi. XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən düşmənlərdən müdafiə məqsədilə tikilmiş qala iki istehkamdan ibarətdir. Qala Qarqar çayının sağ və sol sahillərini, Bozdağla Kətik meşəsini bir-biri ilə bağlayır. Qalanın divarlarının qalınlığı bəzi yerdə 2, bəzi yerdə isə 3 m-ə çatır. Bir neçə yerdən qala iki və dörd bürcdən ibarətdir. I Rusiya-İran müharibəsi zamanı (1804-1813) Rusiya qoşunlarının düşərgəsi Əsgəran qalasının yaxınlığında yerləşmişdir. Onların arasında Sülh müqaviləsi də 1810-ci ildə Əsgəran qalasında bağlanmışdır.
          Memarlıq abidələrindən son Tunc və İlk Dəmir dövrünə aid olan nekropol, kurqan çölü, şəhərin ərazisində yerləşirdi. Eramızdan əvvəl XIII-VII əsrlərin Xocalı-Gədəbəy mədəniyyətinin ilk nümunələrindəndir. Tədqiqatçılar tərəfindən araşdırma zamanı məlum olmuşdur ki, Xocalı abidələrini digərlərindən fərqləndirən xüsusiyyətlər aşağıdakı kimidir.
         1. Xocalıdakı tarix və mədəniyyət abidələri kompakt ərazidə kompleks şəkildə yerləşir.
         2. Bu abidələri başqalarından fərqləndirən xüsusiyyət onların tipoloji müxtəlifliyidir.
         3. Uzunmüddətli bir dövr olsa da (e.ə XIV-VI əsrlər) bu əslində müəyyənolunmuş bir tarixi dövrü (Son Tunc və İlk Dəmir dövrünü) əhatə edir.
         4. Arxeoloji abidələrin və burada tapılmış maddi-mədəniyyət nümunələrinin zənginliyi və qeyri-adiliyi ilə onları başqalarından fərqləndirir.
         5. Maddi-mədəniyyət nümunələri qədim tayfaların həyatının bütün sahələrini iqtisadi-siyasi, mədəni-inkişaf səviyyəsini işləməyə imkan verir.
         6. Xocalıdakı abidələr kompleksi Qafqazın başqa həmdövr abidələrinin xronoloji çərçivəsinin dəqiqləşdirilməsi üçün etalon rolunu oynayır.
          Eramızdan əvvəl  II-I minillikləri əhatə edən Xocalı abidələr kompleksinin ətrafı müdafiə divarları ilə möhkəmləndirilmiş, yaşayış yerlərindən, istehsal ocaqlarından, siklop tikililərdən, kurqan, daş qutu qəbirlərdən, torpaq qəbirlərdən v.s ibarət olmuşdur. Təhqiqatlar göstərmişdir ki, Xocalı-Gədəbəy mədəniyyətinə aid abidələr üç inkişaf mərhələsini keçmişdir. İlk mərhələ b.e-dan əvvəl XIV-XI, ikinci mərhələ XI-IX, son mərhələ isə IX-VII əsrləri əhatə edir. Ən böyük memarlıq abidələrindən olan Kurqanlar çölü (hündür torpaq silsilə təpə qəbirlərdən ibarət) Xocalı şəhərindən Xankəndi şəhəri istiqamətində yerləşir. Kurqanların tədqiqi nəticəsində məlum olmuşdur ki, həmin dövrdə Qarabağ əhalisinin həyatında sənətkarlığın iki böyük qolu-dulusçuluq və metalişləmə mühüm yer tutmuşdur. Sovetlər ölkəsində Kurqanlar çölü boyunca Xocalı hava limanı da inşa edilmişdir. Kurqanlar çölü dövlət abidələri kimi Azərbaycan Respublikası tərəfindən qorunurdu.
          Xocalıdan Kətik meşəsi, Qarqar çayı istiqamətində Son Tunc, İlk Dəmir dövrünə aid (e.ə XIII-VII əsrlər) Çınqıl çölü adlanan yerdə arxeoloji abidələr aşkar edilmişdir. Bu abidələr daş qutu qəbirlərdən, kurqanlardan ibarət idi. Zaman-zaman yadellilər tərəfindən həmin daş qutularda axtarışlar aparılan zaman oradan tunc döyüş baltaları, xəncərlər, enli ağız qılınclar, qövsvari nizələr, ox ucları həmçinin kəmərlər, daş bəzəkləri, müxtəlif formalı qolbağlar, muncuqlar və digər əşyalar daxildir. Daş qutu qəbirləri salınan çınqıl çölündə yaşadığımız dövrdə Dərələyəz mahalından Xocalıya pənah gətirən qaçqınların bir hissəsi həmin çınqıl çölündə, daş qutu qəbirlərinin ərazisində özlərinə xüsusi  evlər də tikmişlər. Daş qutu qəbirləri beş sal daşdan ibarət idi. Daş qutu qəbirləri də dövlət qoruğu kimi Azərbaycan Respublikası tərəfindən qorunurdu.
          Bundan əlavə Xocalıda XIV əsrə aid Türbə, Dairəvi Türbə inşa edilmişdir ki, onları biz öz gözlərimizlə görmüşdük. Xocalı qəbiristanlığı Xocalı ərazisində Son Tunc və İlk Dəmir dövrlərinə (e.ə VIII-VII əsrlər) aid abidələr kompleksidir. Qəbiristanlıq daş qutu və kurqanlardan ibarət olub. Dövr etibarilə qəbristanlıqda biri digərini əvəz edən beş tip kurqan müəyyənləşdirilmişdir. Həmin kurqanlardan da müxtəlif tipli saxsı qablar, döyüş silahları, kənd təsərrüfatı alətləri və müxtəlif formalı bəzək əşyaları (qızıl, gümüş, tunc, şüşə v.s) aşkar edilmişdir. Xocalı qəbristanlığının 11 nömrəli kurqanından tapılmış əqiq muncuğun üstündə Assuriya çarına aid mixi yazısı, qızıldan bəzək əşyalar və silindirik möhür tapılmışdır ki, bu da yerli əhalinin Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələrini göstərirdi. Qəbristanlıqda, eləcə də çoxlu sayda “ Qoç və yəhərşəkilli “ qəbir daşları da vardır ki, tarixləri məlum deyil. Xocalıda və digər yaşayış məntəqələrinin ərazilərində çoxlu sayda tarixləri məlum olmayan ziyarətgahlar, Alban kilsələri (ermənilər kilsələri sonralar öz kilsələri kimi qələmə veriblər) işğal zonasında qalmışdır.
          Hörmətli oxucu, biz inanırıq ki, vaxt gələcək torpaqlarımız işğaldan azad olunacaq və biz müvəqqəti əsarətdə qalan abidələrimizi yenidən ziyarət edəcək, dağılmış həmin abidələrimiz Azərbaycan dövləti tərəfindən bərpa edilərək əvvəlki vəziyyətinə gətiriləcəkdir.
                                                                                                         Qalib BƏYMƏMMƏDOĞLU
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib30 dəfə
    XOCALININ ƏSİRLİKDƏ QALAN ABİDƏLƏRİ

    Maraqlı gələ bilər
    100
    49
    0